O, fəlsəfədə ilk dəfə olaraq dialektikanı sistemləşdirən, Marks və Engels kimi mütəfəkkirlərin özlərinə müəllim hesab etdikləri bir filosof idi. Lakin bütün bunlar kifayət deyil, sovetlər dönəmində Hegel idealist, mühafizəkar, mövcud mürtəce rejmin müdafiəçisi kimi təqdim olunur və tənqid edilirdi. Həmin dönəmin çap olunan bütün fəlsəfi-elmi kitablarına nəzər yetirsək, görə bilərik ki, Hegelin tənqidi eyni ssenari ilə davam edir.
Sovetler dönəmində nəşr olunan bir çox fəlsəfi əsərlərə müraciət etsək, görə bilərik ki, Hegel Şərqə, islam dininə neqativ münasibət bəsləyən, azadlıq məsələsinə idealistcəsinə yanaşan filosofdur. Yenə sual yaranır, görəsən, həqiqətənmi Hegel onu tənqid edənlərin düşündükləri kimi bir mütəfəkkir idi? Bütün bu sulalara cavab tapmaq üçün Hegelin öz əsərlərinə əsasən də onun " Ruh fəlsəfəsi” əsərinə müraciət etsək, həmin məsələlər ətrafında Hegelin mövqeyini görə bilərik.
Əsas məsələlər sırasında Hegelin " azadlıq” probleminə münasibəti məsələsidir. Hegelin azadlıq məsələsinə münasibətdə bir çox tədqiqatçı onun idealist mövqedən durduğunu iddia edir. Doğrudur, Hegel azadlığın əsasında xristianlıq dininin, Mütləq Ruhun, Ali Zəkanın durduğunu bildirir, lakin Hegel həmin sözləri də söyləyir: «Kölə olaraq qalanlara münasibətdə heç bir mütləq ədalətsizlik baş vermir, çünki hər kəs ki, öz azadlığını əldə etmək üçün həyatında risk etmək cəsarətinə malik deyil, o kölə olmağa layiqdir və əksinə, həqiqətən azadlığa çıxmaq üçün enerjili iradəyə malikdirsə, onda heç bir insani zorakılıq onu xalis passiv idarə olunma durumu kimi köləlikdə saxlaya bilməz.
Göründüyü kimi Hegel burada azadlıq məsələsində tam idealist olaraq yox, daha çox mübariz realist kimi çıxış edir və azadlıq probleminə tam rasional mövqedən yanaşır. Hegel haqlı olaraq » mübarizə aparmayıb ” passiv olan insanların daim zalımların, zülmün qurbanı olmağa layiq hesab edir, çünki heç kəsə azadlıq boş yerə verilmir. Azadlıq mübarizə aparıb, bu yolda qurbanlar verməklə qazanılır ki, Hegel də bu mübariz iradəli insanları heç bir zalım sistemin insanları süstləşdirən, onların düşüncələrini mövcud problemlərdən ayıran hər hansı rejimin heç cür köləlikdə saxlamaq iqtidarında ola bilməyəcəyini bildirir.
Daha bir məsələ isə Hegelin Şərqə, islam dininə neqativ münasibəti məsələsidir. Hegel haqlı olaraq azadlığın olduğu yerdə, onun dərk edilmədiyi yerdə fəlsəfənin mövcudluğunu qəbul etmir. Tarixə nəzər salsaq Şərq xalqlarının hər hansi ictimai bir quruluşu, iqtisadi formasiyanı heç də inqilabi yolla öz iradələrinin güçü ilə yox, daha çox ya xarici qüvvələrin müdaxilələri nəticəsində, ya da hakimiyyətə keçmiş hər hansi bir despotun, diktatorun apardığı uzun müddətli islahatları nəticəsində tədrici inkişaf yolu ilə dəyişikliklər yaratdıqlarını görə bilərik. XVIII –XIX əsrlərindəki Qərb müstəmləkəçilərinin Şərq xalqları üzərində hakimiyyəti ələ alıb, buralarda apardıqları islahatları misal göstərə bilərik. Məhz Hegel də haqlı olaraq Şərqdəki mövcud süstlüyü azadlıq uğrunda mübarizəyə biganə yanaşmalarını tənqid edir. Azadlığın olmadığı yerdə hər hansı düşünən insanın rahat yaşaması, özünü lazımınca ifadə edə bilməyi qeyri mümkündür. Göründüyü kimi Hegel rasionalistcəsinə yanaşaraq Şərqin nöqsanlarını düzgün qiymətləndirmiş, lakin bununla kifayətlənməyərək Şərqin üstün cəhətlərini də görə bilmiş xüsusəndə Şərq poeziyasını, monoteist din kimi İslam dinində " Tövhid” təliminin mükəmməlliyini yüksək qiymətləndirmişdir.
"Əgər biz panteizmi, onun poetik, ən uca və ya belə demək mümkünsə ən kəskin formasında götürsək, onda bunun üçün, bəlli olduğu kimi Şərq şairlərinə üz tutulmalıdır və onun ən geniş açıqlanmasını hinduizmin dini kitablarında tapmaq olar. Burada qarşımıza açılan zənginliklərdən bəzi daha parlaq şeyləri bizim əsli saydığımız Bhaqavat-Qitanın hamısında geniş inkişaf etdirilmiş və təkrarlanan təzadlarında görürük”.
İslama münasibətdə də Hegel heç də bir çox tədqiqatçının düşündüyü kimi aqressiv münasibətdə olmayıb əksinə müsəlman xüsusəndə " Təsəvvüf” fəlsəfəsinin nümayəndələrinin yaradıcılığını yüksək qiymətləndirib, Mövlanə Cəlaləddin Rumini nümünə kimi göstərib.
" Əgər Təkin dərkini onun hinduizmdə bir tərəfdə abstrakt təfəkkürün hər cür müəyyənliyə yad vəhdətinə, o biri tərəfdən isə varlığın təfərrüatında onun usandırıcı, hətta darıxdırıcı baxışına ayırmaq baxımından deyil, ona xas olan paklığında və uzalığında gözdən keçirmək istəyirlərsə onda İslam dünyasına müraciət edilməlidir. Əgər, məsələn kamil Cəlaləddin Rumidə ilk planda özəl olaraq ruhun Tək ilə vəhdəti önə çəkilirsə və bu vəhdət sevgi kimi səciyyələndirilirsə, onda bu ruhi vəhdət sonlu və adi olan üzərində yüksəlişdən, bilavasitə təbii varliğın məhz xarici, keçici empirik tərəfi kimi həyati anlamda ayrılıq və udulduğu ruhun aydınlaşmasından ibarətdir.”
Göründüyü kimi, keçmiş Sovetlər dövründə təkcə Marks və Engelsin fəlsəfəsi yox, bu iki böyük filosofun özlərinə müəllim saydıqları Hegelin fəlsəfi təlimi də təhrifə məruz qalmışdır. Hegeldən gətirilən əvvəlki iqtibaslardan da gördük ki, Hegel cəmiyyətin sosial — siyasi həyatinda idealist yox, realist kimi çıxış edirdi o utopik, xam — xəyallarla yaşamayan rasionalist bir filosof idi. Bunu onun aşağıdaki fikrlərindən də görmək olar.
«Düşüncəsiz insanlar boş subyektiv, təsəvvürlərə, gələcəkdə reallaşacağına ümid etdikləri ancaq gercəkləşməyən arzulara malik olurlar. Onlar tamamilə dağınıq məqsəd və maraqlarla məhdudlaşırlar”
Həqiqətən də, Hegel haqlı olaraq insanin yüksəlməsi üçün ağılı, zəkanı əsas şərt kimi görür və düşünməyi də lazımı məsələlər, problemlər ətrafinda cəmləməyin vacibliyini də vurgulayırdı.
Bütün bunlar onu bir daha göstərir ki, Hegel heç də mühafizəkar, idealist mürtəce qüvvələrin maraqlarını müdafiə edən filosof yox, realist, rasionalist bir filosofdur.
Tarix: 09.12.2014 / 14:02 Müəllif: Aziza Baxılıb: 132 Bölmə: Fəlsəfə