Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Su və həyat

Su həyat mənbəyidir. Bu fikir suyun həyatımızda rolunu, ümumiyyətlə həyatımızın sudan ibarət olduğunu tam şəkildə ifadə edir. Elmdən bizə məlumdur ki, insan bədəninin 80 %-ni, yer kurəsinin 2/3 hissəsini su təşkil edir. Hər addımımızda, hər alıb-verdiyimiz nəfəsdə suyun iştirakı var. Normal şəraitdə sağlam insanın orqanizmindən müxtəlif yollarla, gün ərzində 2-3 litr su xaric olunur. Yaşamaq üçün orqanizmə elə o qədər də su qəbul etmək lazım gəlir. Məhz bu səbəbdəndir ki, insan susuz uzun müddət yaşamaq iqtidarında deyil. Təbiəti susuz təsəvvür etmək də mümkün deyil. Elə bu baxımdandır ki, su haqqında olan bütün fikirlər, su haqqında olan bütün elmlər çox maraqlı və ecazkardır. Əslində isə su həyat mənbəyi deyil, elə həyat suyun özü deməkdir. Son zamanlarda insanlar Günəş sistemi planetlərindən hansındasa həyat əlamətləri axtarmağa başlayıb. Bəs kosmosa uçan insan orada həyatın olub-olmadığını hansı əlamətlərə görə, hansı üsullarla axtarır? Yenə də su göz önünə gəlir: insan dühası qonşu planetlərdə məhz suyu axtarır – bilir ki, su olan məkanda mütləq həyat olacaq.

Su müqəddəsdir. Və bu müqəddəs nemət olan su heç də şəffaf göründüyü kimi sadə bir nemət deyil. Su elə bir sehirli nemətdir ki, onun dərinliklərdə yatan bəzi incə sirrləri hələ də elmə məlum olmayan tərəfləri ilə ön plandadır. Biz bu müqəddəs sayılan suya təbiətdə müxtəlif hallarda rast gəlirik. Suyun müqəddəsliyi özünü yuxularımızda da göstərir. Yuxuyozan alimlər belə qənaətə gəlirlər ki, yuxuda su görmək, xoş bir həyata və gözəl bir ruziyə şərh olunar. Bir kimsənin yuxuda suyu evində görməsi, səadətə, toplu mala, çox xeyirə və subaydırsa evlənməyə şərh olunar. Yuxusunda su içən, gözəl bir həyata qovuşar. Qədəh içində olan saf suyu içdiyini görən kimsə, uşaq və xanımından xeyirə çatar. Çünki şüşə qadınların cövhərindəndir. Onun içindəki su isə, ana bətnindəki uşaqdır. Saf bir suya atladığını görən kimsə, tez sevincə çatar.

Su təbii sərvətdir. Sular seçildiyi mənbəyindən asılı olaraq fərqli tərkibə malikdir. Milyard illər öncə dünyada var olan su, bu gün hələ də var. Planetimizin böyük hissəsi su ilə örtülüdü, ancaq 3%-i təmiz və içilə bilər.
Bu an üçün qeyd etdiyimiz 3%-lik təmiz suyun cəmi 1%-ni istifadə edə bilirik. Su, bilindiyi kimi iki hidrogen və bir oksigen atomunun birləşməsi nəticəsində yaranan molekuldur. Təbiətdə oksigen və hidrogen atomlarına çox miqdarda rast gəlinir. Amma bunlar heç zaman bir anda bir-birlərinə bağlanaraq suyu meydana gətirməzlər. Həyat üçün ən böyük ehtiyac olan su, insanlara Allah tərəfindən hazır olaraq təqdim edilmişdir.

Su sağlamlıqdır. Və bu sağlamlıq deposu hamımızın əlinin altında bol-bol mövcud olan bir nemətdir. Sağlam bir həyat yaşamaq üçün bütün həkimlərin tövsiyyəsi çoxlu su içməkdir. Qan təzyiqinin aşağı olması, əsəb pozuntusu, baş ağrısı və digər bu kimi rahatsızlıqları su vasitəsi ilə müxtəlif şəkildə aradan qaldırmaq olar. Ümumiyyətlə çalışıb hər səhər oyanan kimi bir stəkan ilıq su içmək lazımdır.

Su xilasedicidir. Yuxarıda qeyd etdiyim kimi, su bir çox halsızlıq kimi xəstəliklərdən xilas olmağın çarəsidir. Bəzən əsəblərin sakitləşməsini suyun şırıltısı ilə təmin etmək olur. Ən çox su kütləsi toplanan dənizlər də əsəblərin sakitləşməsində mühüm rol oynayır. Dost-tanışla bölə bilmədiyimiz dərdimizi belə dənizlərlə rahat şəkildə bölə bilirik. Sanki dəniz insan kimi dil bilir. Sanki dənizlər də hansısa illərdən bəri qoynunda ləpələrlə gəzdirdiyi dərdini bizimlə bölməyə çalışır. 2003-cü ildə yazdığım “Xəzər dənizi” silsiləsindən bir parçanı təqdim edirəm:

1-ci parça

Ürəyində min-min arzu,

Dalğasında ah gətirib.

Baş götürüb qaçıb dəniz,

Sahilə pənah gətirib.



Çırpıb özün daşa-dağa,

Hər damlası coşqun dalğa.

Ya gəlib günah yumağa,

Ya bizə günah gətirib.



Göydən süzülə-süzülə,

Gah tərs gedib, gah düzünə.

Bu allahsız yer üzünə

Göylərdən allah gətirib.



2-ci parça

Dərdlərimi al qoynuna,

Al qoynuna çək, Xəzərim!

Xəyalım yükdü boynuna,

Götür tez gedək, Xəzərim!



Gəl xəyala bir düşək biz,

Söhbət edib, dərdləşək biz.

Bir az lilli, çirkli dəniz,

Bir az gömgöyçək Xəzərim.



Ürəyimi dağladırsan,

Dərdlərimi çağladırsan.

İstəyəndə ağladırsan

Eyləyirsən ərk, Xəzərim!



Su xoşbəxtlikdir. Allahın təbiətə suyu bəxş etməsi onsuz da bütün canlı aləmin xoşbəxtliyi deməkdir. Məncə bütün varlıqlar suyu özlərinin xoşbəxtlik rəmzi kimi qəbul etməlidir. İnsanların bir-birinə su verdiyində cavab olaraq “su kimi əziz ol” sözü ilə yanaşı “allah səni xoşbəxt eləsin” sözünü də işlətmək olar. Bu anlamda ki, yəni mən içdim xoşbəxt oldum, allah səni də xoşbəxt etsin...



Qısa bir hekayə

“Toy”

Günəş iki dağın arasından boylanaraq sanki bu yaz gününün necə təravətli, necə xoş keçəcəyini bəyan etmək istəyirdi. Dağların arasından düşən günəş qığılcımları yatmış təbiətin qulağına sanki “oyan” deyə pıçıldayırdı. Uzun zamandır yatan təbiət də bu oyan kəlməsinə bəndmiş kimi var gücü ilə dirçəlməyə çalışırdı. Qucağında bağrına basıb qoruduğu gül-çiçək balalarını günəşin şüası ilə özlərini isinməyə buraxmışdı. Axı bu gözəl günün daha da gözəl keçməsi üçün hərə öz işini mükəmməl görməli idi. Doğrudan da bu yaz günü önəmli günlərdən biri idi. Bunu əyninə zərif yaşıl paltar geyinmiş təbiət də vurğulayırdı. Hər şey yerli yerində idi. Təbiət qışın nimdaş paltarlarını soyunub yazın al-əlvan gül-çiçəklərinə bürünmüşdü. Günəş öz isitmə dairəsini yenicə genişləndirməyə başlamışdı. Quşlar öyrəndikləri ən gözəl mahnıları ifa edir, rəngarəng kəpənəklər çiçəkdən çiçəyə qonaraq sanki rəqs edirdilər bu toy günündə. Bəli toy dedim. Bu gün nəhayət ki illərdən bəri sevgisini etiraf etməkdə çətinlik çəkən “Hidrogen”-in toyu idi. O həsrətində olduğu “Oksigen”-ə qovuşurdu. Özlərinə yaxın bildikləri dost-tanışlarını da dəvət etmişdilər toya. Toya gələnlər yenicə oyanmaqda olan ana təbiətə göz aydınlığı verirdilər. Hər kəs bu izdivacın baş tutmasına çox sevinirdi.

Belə ki, hər kəsin sevincinə səbəb olan toy başlandı. “Hidrogen”lə “Oksigen” illərdən bəri çəkdikləri həsrəti sona yetirmək, bir an öncə vüsala çatmaq sevinci ilə bir-birini qucaqlamış rəqs edirdilər. Bu anda günəş ən güclü isitməsi ilə toyu daha da hərarətli etmək üçün bacara bildiyi ən yüksək temperatur səviyyəsini yaratdı. Maqnezium, Xlor, Kalsium və digər dostları onları dairəyə almışdılar. Hərəsi bir ovuc çiçək atdı onların üstünə. Hər ikisi çox xoşbəxt idi. İki can bir bədəndə olmaq—SU olmaq çox xoşbəxt etmişdi onları. Elə o gündən bəri öz xoşbəxtliklərini bəşəriyyətə çatdırmaq, insanları daha da xoşbəxt etmək üçün çalışan bu cütlük fikrimcə istədiklərinə nail olublar.

Özünü gümrah və xoşbəxt hiss etmək istəyən hər kəs təbiətdə özünü xoşbəxt etməyi bacaran Sudan nümunə götürməli və Suyun əldə olunmasında, əldə olunmuş suyun qorunmasında, qoruyub saxladığı suyun istifadəsində əmək sərf etməlidir. Unutmayaq ki, SU daima həyat mənbəyidir.

Son söz. Belə bir deyim var: Biri od olanda gərək biri su olsun. Hidrogen yanar qaz, oksigen isə yanmanı sürətləndirən qazdır. Amma çox maraqlıdır ki, hidrogen və oksigen birləşir, nəticədə su əmələ gəlir. Bu da yanğını söndürür. Buradan bir daha aydın görünür ki, su necə gözəl, necə maraqlı bir nemətdir. Su kimi əziz olun, su qədər ömrünüz olsun və sevdiklərinizlə, yaxınlarınızla aranızdan su keçməsin!!!


Tarix: 26.11.2014 / 13:18 Müəllif: Aziza Baxılıb: 298 Bölmə: Maraqlı Melumatlar
loading...