Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tarixi şəxslərdən qısa, mənalı və yumoristik cavablar
Tarixi şəxslərdən qısa, mənalı və yumoristik cavablar

1)Napoleon Bonapart
Napaleon Bonapartın (1769-1821) boyu balaca idi. Bir gün öz kitabxanasında dolabın yuxarı gözündən kitab götürmək istəyərkən boyu çatmır və bunu görən yavəri irəli gələrək deyir:
-Siz zəhmət çəkməyin, mən götürərəm. Mən sizdən ucayam.
Napaleon onun səhvini düzəldərək deyir:
-Uzunam demək istəyirdin.
2)Corc Vaşinqton
ABŞ-ın ilk prezidenti olmuş Vaşinqton (1732-1799) günlərin bir günü səyahət edəndə gəlib Corciya ştatında kiçik bir kəndə düşür. O kənd restoranına girib üç yumurta bişirtdirmiş və yedikdən sonra:
-Nə qədər verməliyəm?- dedikdə:
-Yüz dollar!- deyə restoran sahibi cavab verir. Qiymətin bu qədər baha olduğuna təəccüb edən Vaşinqton:
-Görünür, sizin yerlərdə yumurta nadir tapılan şeydir!- deyir
-Xeyr cənab, yumurta nadir tapılan şey deyil. Bu yerlərdə prezident nadir görünən şəxsdir!- deyə cavab verir.
3)Volter
Fransız yazıçısı və filosofu Volter (1694-1778) bir nəfər ruhaninin onun qonaqpərvərliyindən istifadə edərək evinə tez-tez qonaq gəlməsindən bezir. Nəhayət, yazıçı ona deyir:
-Sizinlə Don Kixotun arasındakı fərqin nədən ibarət olduğunu bilirsinizmi? Don Kixot hər bir karvansaranı saray hesab edirdi, siz isə hər bir sarayı karvansara hesab edirsiniz!
***
Bir gün Volter bərk xəstələnir. Onun faciəsində oynayacaq istedadsız bir aktyor müəllifin xəstə olduğunu bilməyib yanına gəlir.
-Mənim vəziyyətim ağırdır. Qorxuram sabaha sağ çıxmayam - deyə Volter şikayət etdikdə aktyor çox təəssüflə deyir:
-Bu qədər bərk xəstəsiniz? Axı mən sabah sizin əsərinizdə oynayacağam?!
Volter bunu eşidib yerindən qalxaraq deyir:
-Elə isə artıq mən sabaha sağ çıxmaram!
4)Volfqanq Motsart
Bir gənc bəstəkar məşhur alman bəstəkarı Motsarta (1756-1791) müraciət edərək soruşur:
-Simfoniyanı necə yazmaq lazımdır?
-Siz hələ gəncsiniz, yaxşı olardı ki, əvvəlcə ballada yazmaqdan başlayasınız! - deyə Motsart cavab verir. Gənc bu məsləhətə etiraz edərək deyir:
-Siz özünüz simfoniyanı on yaşına çatmamış yazmağa başlamadınızmı?
-Doğrudur... Ancaq mən simfoniyanı necə yazacağımı başqasından soruşmamışdım! - deyə cavab verir.
5)Diogen
Bir nəfər varlı haqqında Diogenin rəyini soruşurlar:
-O sərvətlidirmi?- deyirlər
-Bilmirəm. Mən yalnız onun çoxlu pulu olduğunu bilirəm.
-Deməli sərvətlidir.
-Varlı olmaq və çoxlu pula sahib olmaq eyni şey deyildir. Əsl varlı öz sərvəti ilə təmin olan adamdır. O adam ki, hamıdan çox sərvətə malik olmaq istəyir, o, hamıdan yoxsuldur. Heç bir şeyi olmayıb öz vəziyyətindən razı qalan ondan daha varlıdır.
6)Aleksandr Düma
Aleksandr Düma (1802-1870) xəstə olduğu zaman yanına gəlmiş həkim deyir:
-Vəziyyətiniz ciddidir, siz hər bir təsadüfə hazır olmalısınız. Sizin bu çətin günlərinizdə görüşmək istədiyiniz biri varmı?
Düma bu sual qarşısında bir qədər fikirləşib deyir:
-Əlbəttə!
-Kiminlə görüşmək xəyalınız var?
-Başqa həkimlə!- deyə cavab verir.
7)Albert Eynşteyn
Albert Eynşteyn (1879-1955) səliqəsiz geyinən və dalğın düşüncəli bir insan idi. Bir gün də dərin düşüncəyə daldığı halda gedərkən dostlarından birinə rast gəlib deyir:
-Axşam bizə qonaq gəl, professor Stimson da bizdə olacaqdır.
-Stimson elə mən özüməm də!- deyə dostu cavab verdikdə:
-Heç əhəmiyyəti yoxdur. Hər halda sən gəl!- deyib alim sözündə israr edir.
8)Makedoniyalı İsgəndər
Makedoniyalı İsgəndər (e.ə.356-323) ölümünün yaxınlaşdığını hiss edib deyir:
-Anama yazın ki, böyük süfrə açıb bütün aclara doyunca yemək versin. Ancaq yaxın adamı, bir əzizi ölməmiş insanları süfrəyə yaxın qoymasın.
Bu vəziyyətin səbəbini soruşduqda o, deyir:
-Anam belə edərsə görəcək ki, Yer üzündə əzizi, yaxını ölməmiş adam yoxdur. Buna görə də təskinlik tapıb az qüssə edər.
9)Sokrat
Qədim yunan filosofu Sokrat (e.ə.469-399) haqqında çıxarılmış ölüm hökmünü soyuqqanlı qarşılayır. Zəhər dolu piyaləni ağzına yaxınlaşdırdıqda arvadı ucadan ağlayaraq:
-Ərim günahsız olaraq məhv edilir!- dediyini eşidib:
-Yoxsa sən istəyirsən ərini müqəssir kimi məhv edəydilər?- deyə ona təskinlik verir.
10)Conatan Svift
Məşhur İrlandiya satiriki Svift (1667-1745) bir səyahət zamanı mehmanxanada qalmalı olur. O, öz nökərini çağırıb çəkmələrini gətirməyi tapşırdıqda, nökər silinməmiş çəkmələri gətirib ona verir. Svift:
-Tom, bu nədir, mənim çəkmələrim silinməmişdir?- deyə soruşduqda:
-Gəzməyə gedəcəyinizi nəzərə alıb silmədim. Onsuz da toza batacaq yenə.
-Yaxşı-yaxşı... elə isə hazırlaş, sən də mənimlə gəzməyə gedək.
-Axı mən hələ xörək yeməmişəm, acam!- dedikdə
-Nə fərqi var, onsuz da yenə acacaqsan!- deyib Svift nökərini utandırır.
Qasım bəy Zakir
Qasım bəy Zakir (1784-1857) bir gün şair Cəfərqulu xan Vəfanın evinə qonaq gedir. Qayıdarkən başmaqlarının yoxa çıxdığını görüb bu misraları deyir:
Bəylər nə layiqdi xan qulluğuna,
Bir kəs atlı gedib, piyadə gələ?
İldə bir yol düşür mənim güzarım,
Vay onun halına ziyadə gələ!...
Mark Tven
Böyük amerikan yazıçısı Mark Tvenə (1835-1910) bir gün gənc dramaturqlardan biri yeni yazdığı əsərini oxuyur və bəzən özünə xoş gələn yerlərdə Mark Tvenin də həyəcan keçirəcəyini gözləyir. Mark Tven isə hər dəfə belə yerlərdə şlyapasını götürüb yenidən başına qoyur. Müəllif bunun səbəbini soruşduqda:
-Mən həmişə köhnə dostlarıma rast gələndə salamlaşıram!- deyir.


Tarix: 07.05.2015 / 12:57 Müəllif: Aziza Baxılıb: 532 Bölmə: Maraqlı Melumatlar
loading...