Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Halal Ruzi

Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından cəmi yüz il keçirdi. Bu müddət ərzində İslam artıq çox uzaq məmləkətlərə yayılmışdı. Mərkəzi və Orta Asiya torpaqları da müsəlmanlar tərəfindən fəth edilmişdi. Xorasan vilayətinin mərkəzi olan Mərv şəhərində məhkəmə işlərini bir qazı idarə edirdi.

Qazının gözəl bağçası vardı. Bu bağçaya Mübarək adlı gənc bağban qulluq edirdi. Bir gün qazi Mübarəkə tapşırdı ki, bağçadan üzüm dərib gətirsin. Üzümün təzəcə yetişməyə başladığı mövsüm idi. Mübarək bir neçə salxım üzüm dərib gətirdi. Üzümlər kənardan dəymiş və şirin görünürdü. Amma qazı üzümün dadına baxan kimi gördü ki, turşdur. Mübarəkə turş üzüm gətirdiyini deyib könlünü qırmaq istəmədi. Onu bir daha üzüm dalınca göndərdi. Mübarəkin bu dəfə də gətirdiyi üzüm turş oldu.

Qazı üzünü Mübarəkə tutub mehribanlıqla dedi: “Oğul, niyə turş üzümü dərib gətirirsən? Əvvəlcə özün dadına bax, şirinliyini yoxla, sonra mənə gətir”.

Mübarək cavab verdi: “Ağa, siz məni bağçaya qulluq etmək üçün işə götürmüsünüz, buna görə mənə muzd verirsiniz. Mən sizin bağçanızdan icazəsiz üzüm dərib yeyə bilmərəm. Sizdən halallıq almadan bunu etməyi ağlıma belə gətirmərəm”.

Qazı Mübarəkin imanına heyran qalmışdı. Bu hadisədən bir müddət ötüb-keçdi. Qazının gözünün ağı-qarası bircə qızı vardı. Qız böyüyüb həddi-büluğa çatmışdı, ona elçi düşənlər çox idi. Amma qazı özünə kürəkən seçməyə tələsmirdi, namizədləri araşdırırdı.

Qazı bir gün öz halalzadə və vicdanlı bağbanı Mübarəklə də məşvərət etmək qərarına gəldi. Ondan soruşdu: “Mənim qızımı istəyənlər çoxdur. Bunların içində varlı tacirlər də var, savadlı alimlər də, vəzifəli əyanlar da. Sənin fikrincə, qızımı nə cür adama ərə versəm, daha yaxşı olar?”

Mübarək cavab verdi: “Ağa, İslamdan əvvəl cahiliyyət dövründə atalar öz qızlarını ərə verəndə əsil-nəsəbə daha çox fikir verirdilər. Xristianlar və yəhudilər zahiri gözəlliyi əsas sayırdılar. Allahın Rəsulu qohumluq zamanı dindarlığı və təqvanı üstün tutmağı tövsiyə etmişdir. Bizim zamanımızda isə camaat var-dövlətə görə özünə kürəkən seçir. Indi məsləhət sizindir, hansını istərsəniz, seçin”. Qazı Mübarəkin sözlərini dinləyib dedi: “Mən də Peyğəmbərimizin buyurduğu yolu seçdim. Buna görə də qızımı sənə ərə vermək istəyirəm. Çünki sənin təqvalı, imanlı və dindar adam olduğunu bilirəm”.

Mübarək özünün nökər olduğunu bir daha qazının yadına saldı, başqalarının bu izdivacı yaxşı qarşılamayacaqlarını söylədi, qızın da bununla razılaşmayacağı ehtimalını dilə gətirdi. Qazı oradan durub evinə getdi, qərarını həyat yoldaşına anlatdı, fikrini soruşdu. Arvadı dedi ki, sən bilən məsləhətdir, amma qızın da fikrini soruşsaq yaxşı olar. Qazı qızını çağırıb dedi: “Qızım, səni istəyənlərin arasında varlıları da var, gözəlləri də, əsil-nəsəbcə şərafətli olanları da. Amma mən sənin üçün bir nəfəri seçmişəm. Onun nə pulu var, nə vəzifəsi, nə şərafətli əsil-nəsəbi. Hətta azadlığı da yoxdur, hələ ki mənim xidmətçimdir. Amma mən onun dindarlığını və vicdanını əsas götürmüşəm. Indi de görüm, fikrin nədir?” Qız da atasının fikri ilə razı olduğunu bildirdi, gələcək həyat yoldaşının var-dövlət, şan-şöhrət sahibi olmağındansa, iman və təqva sahibi olmasını daha çox istədiyini söylədi.

Beləliklə, Mübarək həmin gündən qazının kürəkəni oldu. Qazı özü onların kəbinini kəsdi. Amma Mübarək toy gecəsində gəlinə yaxınlaşmadı, bütün gecəni ibadət və dua ilə keçirdi. Sonrakı bir neçə gün də bu qayda ilə keçdi. Qazı məsələdən xəbər tutanda Mübarəki çağırıb soruşdu: “Oğlum, niyə öz halal arvadını qəbul etmirsən? Əgər onu bəyənmirsənsə və ya hər hansı eybini görmüsənsə, açıq söylə, çəkinmə”.

Mübarək utancaq halda cavab verdi: “Belə şey olarmı? Əlbəttə ki, mən sizin qızınızı bəyənirəm, onunla evlənməyimə də çox sevinirəm. Amma düşündüm ki, siz qazısınız, qazancınızda şübhəli məqamlar ola bilər. Qızınızın da haram tikə yemiş olması mümkündür. Istəmədim ki, bünövrəsini qoyacağımız övladın mayasında haram olsun. Ona görə qərara gəldim ki, qırx gün gözləyim, bu müddət ərzində yoldaşıma yalnız əlimin zəhməti ilə qazandığım halal ruzi yedizdirim. Qırx gün ərzində bədəni keçmiş qidalardan təmizlənsin, bundan sonra onunla yaxınlıq edim”.

Qazı bu dəfə də Mübarəkin təqvasına heyran qaldı. Qırx gündən sonra Mübarək öz həyat yoldaşına qovuşdu. Onların izdivacından bir oğul doğuldu; adını Abdullah qoydular. Bünövrəsi halalla yoğrulmuş bu uşaq gələcəkdə məşhur arif və alim kimi tanınanacaq Abdullah ibn Mübarək idi.

(“Evliyalar Ansiklopedisi”, Abdullah ibn Mübarəkin tərcümeyi-halından).


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 243 Bölmə: Maraqlı melumatlar
loading...