Aristotel qnoseologiyanın məntiq nöqteyi– nəzərindən öyrənilməsini daha da inkişaf etdirmişdir. Onun təliminin əsas müddəasına gəldikdə aşağıdakıları deyə bilərik.
Hər şeydən əvvəl, onun kateqoriyalar haqqında təlimini nəzərdən keçirək (onun «Kateqoriyalar haqqında» əsəri də var). Bu təlim Platonun ideyalar nəzəriyyəsinə və müxtəlif keyfiyyətli fikirlərinə əsaslanır. Aristotel, hər şeydən əvvəl, iki kateqoriyanı– mahiyyət və keyfiyyət kateqoriyalarını fərqləndirir. Mahiyyət başqasında deyil, özündə yaşayır. Aristotelə görə, xeyirxahlıq ideyası və xeyirxahlığın özü mahiyyət və keyfiyyətə aiddir. Keyfiyyət (və kəmiyyət) həmişə hansısa mahiyyətə uyğun gəlir. Keyfiyyət öz– özlüyündə mövcud deyildir. Mahiyyət– mübtədadır, keyfiyyət isə xəbərdir. Xeyir, məsələn keyfiyyət kateqoriyasıdır. Belə ki, öz– özlüyündə mövcud deyildir, nəyinsə xassəsidir (xeyirxah adamlar, xeyirxah əməllər və s.). «Qırmızılıq» da keyfiyyət kateqoriyasıdır, özlüyündə mövcud ola bilməz, xassə kimi mövcud ola bilər– (Qırmızı şeylər). Aristotelin «mahiyyət» və «keyfiyyət» (yaxud «mənsubiyyət») latın dilində tərcümədə «substansiya» və «aksidensiya» kimi daşa düşülür (hazırda fəlsəfi dildə həmin anlayışlar işlədilir). Aristotelin, materiya və forma haqqında təlimi hər bir şeyin iki başlanğıcı təlimini ifadə edirdi. Filosofların içərisində Aristotel ilk dəfə olaraq materiya anlayışını dövriyyəyə gətirmişdir. Aristoteldə forma predmetin zahiri görünüşü deyil, materiyanı müəyyən şey olmağa məcbur edən əməli başlanğıcdır.
Materiya və forma probleminə Aristotel «Metafizika» əsərini həsr etmişdir. Fəlsəfəni (yaxud «birinci fəlsəfəni») Aristotel Metafizika adlandırmışdır. «Birinci fəlsəfə» nə deməkdir? Aristotelə görə, digər fəlsəfələr də mövcud olmuşdurmu? Doğrudan da Aristotelin tərifinə görə, birinci fəlsəfə əvvələn, Ali haqqında təlimdir, daha dəqiq desək, ən ümumi səbəblər və yaxud başlanğıclar (xüsusi səbəbləri və başlanğıcları öyrənən xüsusi elmlərdən fərqli olaraq) haqqında təlimdir; ikincisi, bu fəaliyyəti yox, varlığı öyrənən nəzəri elmdir. Aristotelə görə, birinci fəlsəfə ümumiyyətlə varlığı öyrənir, «ikinci fəlsəfələr» (məsələn, fizika və riyaziyyat) isə varlığın ayrı– ayrı tərəflərini öyrənir.
Aristotel belə hesab edirdi ki, varlığın öyrənilməsi yalnız məntiqin sayəsində mümkündür. O, məntiqi «üzvi» elm adlandırırdı, çünki o, varlığın öyrənilməsi alətidir («orqanon»). Sonralar Aristotelin şagirdləri onun təliminin bu hissəsini «orqanon» adlandırmışlar. Aristotelə görə, məntiq idrak üçün metodoloji əhəmiyyətə malikdir. O ümumini xüsusidən, həqiqəti yalandan seçməyə kömək edir. Ümuminin çıxarılması və bununla da xüsusi amilləri izah etmək metodunu Aristotel induksiya (xüsusi ilə ümumi nəticəyə gəlmək) adlandırmışdır. Ümumi nəticələrdən xüsusinin alınmasını isə deduksiya hesab etmişdir.
Aristotelin mühüm təlimlərindən biri də insan ruhu haqqındadır. Aristotelin etikası ona əsaslanmışdır. İnsanın digər canlılardan başlıca üstünlüyü onun ağlıdır. Əql ümumini fikirləşmək qabiliyyətidir (ümumi başlanğıcı dərk etmək qabiliyyəti və bu da bilik əsasında xüsusini, təkcəni izah etmək bacarığıdır). Bu əsasda nitqin olması (əslində nitqdə ümumi haqqında fikir təzahür edir) insanı heyvandan fərqləndirir. Sonra insanın elmi vardır, ümumi başlanğıclar haqqında biliyi vardır. Heyvan isə bundan da məhrumdur. Əql insan əməllərini şərtləndirir, onun iradəsini formalaşdırır. İradə cəhdlərdən yaranır və insanı əxlaqi (mənəvi) seçməyə hazırlayır (bu da, öz növbəsində, ümumi haqqında biliyə əsaslanır).
Aristotel əqlə xüsusi məna verirdi. Onun fikrincə, əql kənardan gətirilib və heyvan ruhuna verilərək onu inkişaf etdirmişdir. Aristotelə görə, insan ruhunda bir– birindən köklü surətdə fərqələnən iki hissə: heyvani cəhət və əql vardır. Əql fərdiliyə yaddır, o ümumidir, dəyişilməzdir və əbədidir. Əql hamıda birdir, fərdi fərqlər ona yaddır. O, cismani proseslərlə əlaqədar olmadığından ruh yalnız əql hissəsində ölməzdir. Aristotelin əsas əsərləri: «Fizika», «Metafizika», «Ruh haqqında», «Nikomax etikası» (əsər Aristotelin oğlu Nikomaxa həsr olunmuşdur), «Politika», və sairədir. Məlum olduğu kimi, Aristotel Makedoniyalı İskəndərin müəllimi olmuşdur. O, Afinada öz məktəbini yaratmış və ona Likey adı vermişdir (çünki məktəb Likeyli Apollonun məbədinin yaxınlığında olmuşdur). Onun Likey məktəbi Platonun Akademiyası ilə birlikdə (ikinci Afina universiteti kimi) bizim eranın IV əsrinə kimi fəaliyyət göstərmişdir.
Tarix: 09.12.2014 / 14:10 Müəllif: Aziza Baxılıb: 114 Bölmə: Fəlsəfə