Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Barbarossa əməliyyatı

Barbarossa əməliyyatı (alm. Unternehmen Barbarossa) — İkinci dünya müharibəsində Almaniyanın SSRİ-yə qarşı həyata keçirdiyi ildırımsürətli müharibə (alm. Blitzkrieg) planı. Əməliyyatın adı Müqəddəs Roma imperiyasının imperatoru I Fridrix Barbarossanın adından götürülmüşdür.

Plan 1940-cı il iyulun 21-də general Fridrix Paulyusun rəhbərliyi altında hazırlanmağa başlanmış və həmin il 18 dekabrda Vermaxtın ali baş komandanı Adolf Hitlerin 21 nömrəli direktivi ilə təsdiq edilmişdir. Plana görə 3 ay ərzində SSRİ-nin Avropa hissəsini tutmaq planlaşdırılırdı.

Əməliyyat 1941-ci il 22 iyun tarixində 4,5 milyon nəfərlik alman ordusunun hücumu ilə 2 900 km-lik SSRİ sərhədi boyunca icra edilməyə başlamış, bu hadisə tarixə ən böyük hücum əməliyyatı kimi daxil olmuşdur. Əməliyyata həmçinin 60 000 texnika və 750 000 at cəlb olunmuşdu.Barbarossa planı
Barbarossa planına uyğun olaraq 22 iyun 1941-ci ildə SSRİ-yə hucum üçün Almaniya və onun müttəfiqlərinin 190 diviziyası(ö cümlədən 19 tank. və 14 mühərrikli diviziya)cəmləşdirilmişdi. Onları dörd hava donanması, eləcə də Rumıniya və Finlandiya aviasiyası dəstəkləyirdi. Hucum üçün cəmləşdirilmiş qoşunlar 5,5 mln əskər, 4300 tank, 47 min səhra topları və minaatanları, 5000 döyüş təyyarəsindən ibarət idi. Üç ordu qrupu var idi:

Şimal ordular qrupu - Memeldən(Klaypeda)Qoldapa qədər zolağda, hamısı alman olmaqla, 29 diviziya;
Mərkəz ordular qrupu - Qoldapdan Pripyat bataqlıqlarına qədər zolağında, hamısı alman olmaqla 50 diviziya və 2 briqada;
Cənub ordular qrupu - Pripyat bataqlıqlarından Qara dənizə qədər, 13 rumın diviziyası, 9 rumın və 4 macar briqadası olmaqla, 57 diviziya və 13 briqada. Məqsədinə müvafiq hər qrup bir istiqamətdə hərəkət etməli idi: Leninqrad, Moskva və Kiyev.
Finlandiya və Norveçdə, 5-ci hava donanması və fin aviasiyasının dəstəyi altında, cəmi 21 diviziya və üç briqada olmaqla, alman "Norveç" ordusu və 2 fin ordusu cəmləşirdi. Onlar Murmansk və Leninqrada şimaldan çıxmalı idilər. Rezervdə 24 diviziya qalırdı.

1941-ci ilin sonlarında almanların Moskva ətrafındakı döyüşlərdə geri oturdulmasından sonra əməliyyatın tam uğursuz olduğu məlum oldu.

Səbəbləri
İkinci dünya müharibəsində Böyük Britaniya mühüm dayaq nöqtələrini, kommunikasiya xətlərini əlində saxlamaqla müqaviməti davam etdirsə də, Fransanın Almaniyaya təslim olması ilə Hitler qərbdə öz məqsədlərinə çatdığını güman edirdi. İndi Avropada tam hakim qüvvə olmaq üçün o, öz qüvvələrini SSRİyə qarşı yönəltdi. Almaniya ilə müqavilənin məxfi protokolunda ona vəd edilmiş ərazilərin, demək olar ki, hamısını ələ keçirən Stalinin Balkan yarımadasına və Qara dəniz boğazlarına olan iddiaları Hitleri ciddi narahat etmişdi. 1940-cı ilin iyununda Hitler Vermaxt rəhbərliyinə SSRİ-yə qarşı hücum planı hazırlamaq tapşırığını verdi. Barbarossa adını almış plan 1940-cı il dekabrın 18-də təsdiq edildi.

1941-ci ilin əvvəllərindən Stalin tez-tez alman qoşunlarının yeni sovet sərhədləri boyunca cəmləşdirilməsi haqqında məlumatlar alırdı. Həmin ilin mayın 15-də sovet kəşfiyyatçısı Rixard Zorgenin Tokiodan göndərdiyi məlumatda hətta müharibənin başlanacağı tarix 1941-ci il iyunun 22-si dəqiq olaraq göstərilmişdi. Lakin Stalin bu məlumatlara inanmır, onları Almaniyanı SSRİ-yə qarşı yönəltməyə çalışan İngiltərənin cəhdləri kimi qiymətləndirirdi. O, Almaniyanın İngiltərə ilə müharibəni başa çatdırmadan SSRİ ilə müharibəyə başlayacağına inanmırdı. Digər iddialara görə Stalin bilərəkdən Sovet ordusunu Almaniya ilə sərhəd bölgədə zəiflətməklə Almaniyanı müharibəyə bilərəkdən həvəsləndirirdi, bununla da öz üstün qüvvələri ilə müharibədə Almaniyanı dağıtmaqla Şərqi Avropanı, Balkan yarımadasını və Qara dənizdəki boğazlara sahiblənmək istəyirdi. Tarixçilər indiyə kimi Stalinin müharibədən qabaq hansı fikirdə olduğunu müəyyən edən qəti nəticəyə gələ bilməyiblər. Beləliklə, SSRİ qoşunlarının hazırlıq vəziyyətinə gətirilməsi yubanırdı. SSRİ-nin yeni sərhədlərinin möhkəmləndirilməsi işi süni surətdə ləngidilirdi. SSRİ hərb sənayesinin inkişafına, ordunun yenidən silahlandırılması sürətinə görə Almaniyadan çox geri qalırdı. 30-cu illərin repressiyaları da Sovet ordusu rəhbərliyini xeyli zəiflətmişdi.

Əməliyyat
1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə hücum etdi. SSRİ-nin Böyük Vətən müharibəsi başlandı. İldırımsürətli müharibə strategiyasına əsaslanan alman qoşunları qəfil zərbə ilə Sovet ordusunu ciddi məğlubiyyətə uğratdı. Almanlar qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmaq ümidində idilər. SSRİ-nin qərb sərhədlərində hələ tam komplektləşdirilməmiş hərbi birləşmələr daha yaxşı silahlanmış və müasir döyüş aparmaq təcrübəsi daha çox olan alman qoşunlarının güclü hücumuna tab gətirə bilmədi, böyük itkilər verərək ölkənin içərilərinə doğru sürətlə geri çəkildi. Almanlar müharibənin birinci həftəsində Leninqrad və Kiyevə yaxınlaşdılar, Smolenski ələ keçirdilər. Sentyabr ayında alman ordusu Kiyevi tutdu, Leninqradı mühasirəyə aldı və Moskva üzərinə güclü hücuma başladı. Lakin Sovet ordusunun təşəbbüsü ələ almaq səyləri sayəsində alman qoşunları Moskva döyüşündə darmadağın edilərək geri atıldı. Noyabrın 15-də alman qoşunları böyük qüvvə ilə paytaxt üzərinə ikinci dəfə hücuma keçdi. Bəzi yerlərdə paytaxta 5 km-ə qədər yaxınlaşa bilmiş alman ordusunu sovet qoşunları müdafiə döyüşlərində taqətdən saldılar. 1941-ci il dekabrın 5 və 6-da sovet qoşunlarının əks-hücumu başlandı. Düşmən 100-250 km geri oturduldu.

Moskva döyüşündə və 1942-ci ilin qış hücumunda sovet qoşunlarının qələbəsi Almaniyanın İldırımsürətli müharibə planını boşa çıxardı.Bu qələbə işğal edilmiş ölkələrdə Müqavimət hərəkatına güclü təkan verdi, antihitler koalisiyasını möhkəmlətdi, faşist dövlətləri blokunu zəiflətdi.


Tarix: 26.02.2015 / 19:13 Müəllif: Feriska Baxılıb: 284 Bölmə: Almaniya tarixi
loading...